Fevralın 16-da ETN İqtisadiyyat İnstitutunda i.f.d Elnur Zeynalovun sədrliyi ilə Gənc Alimlər və Mütəxəssislər Şurasının növbəti toplantısı keçirilib.
Öncə İnstitutun icraçı direktoru, dosent Famil Rüstəmov gənclərin elmi tədqiqatlara marağının artırılması, onlara dəstək göstərilməsi yönümündə İqtisadiyyat İnstitutunda həyata keçirilən tədbirlərdən, gənclərə yaradılan şəraitdən danışıb, habelə Gənc Alimlər və Mütəxəssislər Şurasının fəaliyyətinin əhəmiyyətini qeyd edərək tədqiqatçılara, doktorantlara öz tövsiyələrini çatdırıb.
İnstitutun "Post-konflikt Ərazilərin Bərpası" Elmi Mərkəzinin kiçik elmi işçisi, Şuranın üzvü Cavanşir Burhanzadə "Azərbaycanın post-konflikt ərazilərinə xarici innovativ investisiyaların cəlb olunması yolları" mövzusunda yerinə yetirdiyi tədqiqatlar üzrə təqdimatla çıxış edib. Dünyada post-konflikt ərazilər, onların bərpasına investisiyaların cəlb olunması təcrübəsindən danışan tədqiqatçı ən yaxşı nümunələrin Azərbaycanda tədbiqi imkanlarını qeyd edib. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yeni iqtisadiyyat quruculuğu proseslərini, dövlətin dəstək mexanizmlərini, regionun porensial imkanlarını təhlil edən C.Burhanzadə post-konflikt ölkələr üzrə investisiya imkanları ilə bağlı apardığı qiymətləndirmənin nəticələrini təqdim edib. Habelə Qarabağa xarici innovativ investisiyaların cəlb olunması yolları barədə təkliflərini səsləndirib.
Sonra təqdimat mövzusu ilə bağlı suallar cavablandırılıb, maraqlı müzakirələr aparılıb, təklif və tövsiyələr qeyd olunub.





