(1879, Stokholm, İsveç – 1952, Stokholm, İsveç)
Əsərləri: “İqtisadi tarix: bəzi göstərişlər” (1904), “Dünya müharibəsinin iqtisadiyyatı” (1915), “Xarici ticarətin gəlir bölgüsünə təsiri” (1919), “Kontinental sistem” (1922), “İqtisadi tarixdə nəzəriyyəyə çağırış” (1929), “1914-cü ildən 1925-ci ilə qədər pul tarixi” (1930), “Merkantilizm” (1931), “İqtisadi tarixin aspektləri” (1933), “Sənaye inqilabından əvvəl İsveç əhalisinin sayında tendensiyalar” (1950), “İsveçin iqtisadi tarixi” (1954)
Eli Hekşer iqtisad elmində Stokholm məktəbinin tanınmış nümayəndələrindən olmuşdur. İsveçdə iqtisadi tarix mövzusunu Hekşer irəli sürmüşdü. O iddia edirdi ki, iqtisadi tarixçinin əsas vəzifəsi iqtisadi fəaliyyətin uzunmüddətli inkişafını izah etməkdir. Alim daim iqtisadi nəzəriyyə ilə iqtisadi tarixi əlaqələndirməyə çalışırdı. Xüsusilə, iqtisadi tarixin təhlilini izah etmək üçün iqtisadi nəzəriyyə prinsiplərinin tətbiqini qeyd edirdi.
Beynəlxalq ticarət nəzəriyyəsinin inkişafına böyük töhfə vermiş alim Hekşer-Olin nəzəriyyəsinin və Hekşer-Olin-Samuelson modelinin həmmüəllifidir.
Nüfuzlu beynəlxalq ticarət modeli olan Hekşer-Olin teoreminə görə, ölkələr arasında ticarət onların nisbi kapital və əmək miqdarı ilə mütənasibdir. Kapitalın bol olduğu ölkələrdə əmək haqqı dərəcələri yüksək olmağa meyllidir. Buna görə də, əmək tutumlu məhsulların (məsələn, tekstil, sadə elektronika və s.) daxili istehsalı daha baha başa gəlir. Əksinə, kapital tutumlu məhsulların (məsələn, avtomobillər, kimyəvi maddələr və s.) daxili istehsalı daha ucuzdur. İstehsal amillərinin nisbi bolluğu ölkənin müqayisəli üstünlüyünü müəyyən edir. Bu baxımdan, kapitalla zəngin ölkələr kapital tutumlu məhsulları ixrac, əmək tutumlu məhsulları idxal edir. Əksinə, əməklə zəngin ölkələr kapital tutumlu malları idxal edir, əmək tutumlu məhsulları isə ixrac edir.
Bundan əlavə, iki ölkədə kapital və əməyin eyni nisbətdə mövcud olmaması artıq, ucuz istehsal amillərinin istehsalı və ixracında ixtisaslaşmaya gətirib çıxarır ki, bu da öz növbəsində ölkənin iqtisadi rifahına fayda verir. Ölkələr arasındakı fərq nə qədər böyükdürsə, ixtisaslaşmadan əldə edilən qazanc da bir o qədər çoxdur.
Hekşer-Olin-Samuelson modeli göstərir ki, istehsal amillərinin eynicinsliyi, eyni texnologiya, mükəmməl rəqabət və malların tam mobilliyi halında beynəlxalq mübadilə ölkələr arasında istehsal amillərinin qiymətlərini bərabərləşdirir. Belə ki, beynəlxalq ticarət zamanı əvvəlcə, zəngin olan bir amilin qiyməti nisbətən aşağı olur. İzafi kapital kapital tutumlu malların istehsalında ixtisaslaşmaya gətirib çıxarır və bu da kapitalın ixrac sənayesinə keçməsinə səbəb olur. Kapitala tələbat artır və nəticədə kapitalın qiyməti yüksəlir. Bir ölkədə əmək ehtiyatı çoxdursa, əmək tutumlu mallar ixrac olunur. Nəticədə, əməyin (əmək haqqının) qiyməti də yüksəlir.
Bu modelə əsasən, azad ticarət şəraitində müxtəlif ölkələrdə istehsal amillərinin qiymətlərinin tarazlığı nəticə olaraq ümumi iqtisadi tarazlığa gətirib çıxarır.
P.S. İsveç iqtisadçısı və iqtisadi tarixçi Eli Hekşer Stokholmda, İsveç cəmiyyətində güclü mövqeyə malik varlı yəhudi ailəsində dünyaya gəlmişdir. İş adamı, bankir olan atası 1870-ci illərdə bu ölkəyə Danimarkadan köçmüşdü. O, elmi nəzəriyyəyə dərin maraq göstərmiş, Kopenhagen Universitetindən hüquq üzrə doktorluq dərəcəsi almışdı və elmi işlərini tez-tez hüquqi və iqtisadi jurnallarda dərc etdirirdi.
Eli Hekşer Norra Latın gimnaziyasından sonra Uppsala Universitetində (1897-ci il) tarix, siyasət və iqtisadiyyat üzrə təhsil almışdır. Daha sonra Göteborq Universitet Kollecində (1898-ci il) ali təhsilini davam etdirmişdir. Onun doktorluq dissertasiyası İsveçdə dəmir yollarının təsirinə həsr olunmuşdu. Zəkasının, enerjisinin, biliyinin və istedadının gücü ilə seçilən, müəllimliyi sevən Hekşer doktorluq dərəcəsini aldıqdan sonra Uppsala Universitetində mühazirələr oxumuşdur.
1909-cu ildən 1944-cü ilə qədər Stokholm Ticarət Məktəbində siyasi iqtisad, statistika və iqtisadi tarix professoru olmuşdur. 1929-cu ildən 1949-cu ilə qədər Stokholmdakı İqtisadi Tarix İnstitutunun direktoru kimi fəaliyyət göstərmişdir.
O, bir çox hökumət komitələrinin (vergilər, ticarət siyasəti, müharibəyə hazırlıq, pul siyasəti və digər məsələlər üzrə), o cümlədən Amerika Fəlsəfə Cəmiyyətinin üzvü olmuşdur.
Tədqiqatçı və müəllif kimi çox məhsuldar yaradıcılığı ilə seçilən Hekşer ümumilikdə 1148 əsər nəşr etdirmişdir ki, onlardan da 36-sı kitab, 174-ü peşəkar jurnallarda məqalə, 700-ü Stokholmun aparıcı qəzetləri üçün qısa məqalə və çoxsaylı hökumət hesabatları olmuşdur. O, həmçinin radioda da mühazirələr oxuyurdu.
Hekşer “Stokholm məktəbi”nin yaradıcılarından biridir. Hər il Stokholm İqtisadiyyat Məktəbində alimlə bağlı xatirə mühazirələri keçirilir.
I Dünya Müharibəsindən əvvəl, hələ gənc yaşlarında olarkən Hekşer iqtisadiyyata dövlət müdaxiləsinin tərəfdarı olan sosial mühafizəkar baxışları ilə seçilirdi. I Dünya Müharibəsi zamanı isə onun bu münasibətləri dəyişmiş, dövlət müdaxiləçiliyinin qatı əleyhdarı olmaqla iqtisadi liberalizmi dəstəkləmişdir. O, dövlət-sosialist meyllərinə, Keyns böhran siyasətinə və iqtisadi planlaşdırmaya qarşı mübarizə aparmışdır.
Hazırladı:
Gülnarə Fətəliyeva, ETN İqtisadiyyat İnstitutunun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin aparıcı elmi işçisi, i.f.d.





